Bir sıra müavinətlər artırılıb - Siyahı

11:39 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Fərmanlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, aşağıda qeyd edilən digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır.

2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək.

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb.

Müəllif: Elmir Murad