23 noyabr, Fineko/abc.az. İtaliyanın rəqabətə nəzarət orqanı ABŞ-ın texnologiya nəhəngləri Amazon və Apple Inc şirkətlərini cərimələyib.
ABC.AZ-ın məlumatına görə, hər iki şirkət ümumilikdə 203,2 milyon avro cərimələnib. Şirkətlər məhsulların satışında rəqabətə zidd əməkdaşlıq iddiası ilə cərimələnib. Rəqabətə nəzarət orqanı qeyd edib ki, şirkətlər arasında 2018-ci il müqaviləsinin şərtləri yalnız müəyyən dilerlərə Apple və Beats məhsullarını Amazon.it-də satmağa icazə verib və bu, Avropa İttifaqının qaydalarını pozur.
Rəsmi qurum Amazon-u 68,7 milyon avro və Apple-ı 134,5 milyon avro cərimələyərək, bildirib ki, şirkətlər orijinal Apple və Beats məhsullarının pərakəndə satıcılarının ayrı-seçkilik olmadan Amazon.it-ə daxil olmasına icazə verən məhdudiyyətləri dayandırmalıdır.
Müəllif: Elmir Murad