Ümumvətəndaş pasportlarının verilməsinə görə rüsumun məbləği artırılır

11:32 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.  Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.