Prezident federasiyaları tənqid etdi - Tapşırıq verdi

15:11 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edib və onu videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qəbul zamanı bəzi tapşırıqlarını verib və bir çox məsələlərə toxunub.

Prezident qeyd edib ki, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır.

"Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır" deyə Prezident qeyd edib.