Avstriya Azərbaycanla birgə infrastruktur layihələrini həyata keçirmək niyyətindədir

16:54 - 23.02.2018


23 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüş keçirilib.

QSC-in məlumatında deyilir ki, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar,  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub,  Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında   açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı  barədə ətraflı məlumat verib.

20-22 fevral 2018-ci ildə Vyanada keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu haqqında danışan  C. Qurbanov,  forum çərçıvəsində avstriyalı həmkarlarla, Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri ilə bir sıra səmərəli  görüşlərin keçirildiyini bildirib.

Öz növbəsində, Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında iqtisadi sahədə əlaqələr  genişlənir. Onun sözlərinə görə, Avstriya tərəfi bu əlaqələrin möhkəmləndirilməsində və infrasrtuktur layihələrinin icrasında iştirak etməkdə maraqlıdır. Daha sonra tərəflər, ikitərəfli əməkdaşlığı müzakirə etdilər. Mövcud əlaqələrin və tərəfdaşlığın irəlidə də genişləndirilməsi qərara alınıb.

Görüşdə  həmçinin Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex  iştirak edib.