Dünya ölkələrinin borclanma prosesi artır – Bədbin proqnoz

10:27 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər.

ABC.AZ-ın məlumatına görə, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.

Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb.

Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çatıb. Mütəxəssislər hesab edir ki, dünyada maliyyə sektoru xaricindəki borc səviyyəsi 2019-cu illə müqayisədə bu il 210 trilyon ABŞ dollarına çatacaq. Qeyd edək ki, 2019-cu ildə bu rəqəm 194 trilyon ABŞ dolları olub.

Müəllif: Elmir Murad