Ermənistan ordusu neft kəmərlərimizi hədəf almağa başlayıb – Açıqlama

14:56 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. 18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri Azərbaycanın Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, Ermənistan silahlı  qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb, Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.

Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub.