İşğalda olan ərazilərdəki xarici jurnalistlərin təhlükəsizliyinə Azərbaycan tərəfi cavabdeh deyil – XİN rəsmisi

14:13 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyırlar.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, öz ərazilərində Ermənistanın Azərbaycana, Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər, daha doğrusu, bu insanların fəaliyyəti üçün şərait yaradan dövlətlər də əslində məsuliyyət daşıyırlar: "Həmin dövlətlər beynəlxalq konvensiyalara əsasən bu insanların fəaliyyətinin qarşısını almalıdır. Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə Azərbaycan tərəfinin cavabdeh olmadığını bir daha bəyan edirəm".