Bir çox ölkə Azərbaycana uçuşları bərpa etmək istəyir – Açıqlama

17:29 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Son müntəzəm uçuş 28 martda Rusiyaya, ölkədaxili isə aprelin 2-də Naxçıvana olub.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, karantin dövründə yükdaşımalarla bağlı uçuşlar davam etdirilib. A.Məmmədov qeyd edib ki, Azərbaycan 10-dan artıq dövlətə humanitar yardım edib: "Aprel-may aylarında Operativ Qərargahın qərarlarına əsasən, 25 minə yaxın sərnişin çarter reysləri ilə daşınıb. Bura Azərbaycandan gedən və gələnlər daxildir. Pandemiya dövründə uçuş qaydaları hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Bir çox ölkələr Azərbaycana uçuşları bərpa etmək istəyirlər. İlk sırada Türkiyə, Rusiya, Macarıstan var”.

"Uçuş qaydaları bu gün artıq hökumət tərəfindən təsdiqlənib" deyə A. Məmmədov deyib.

Müəllif: Elmir Murad