15:42 - 24.04.2020
24 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə ikinci dünya müharibəsi iştirakçılarına və onların dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sərəncamda İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır. Sənədə əsasən, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və Sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026