11:16 - 24.04.2020
24 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürüb.
ABC.AZ Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə istinadən xəbər verir ki, aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir və indiyədək 350 min şəxs üçün birdəfəlik ödəniş edilib.
Məlumatda qeyd olunub ki, bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib. Birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Həmin şəxslər bu mesajı aldıqdan sonra “Azərpoçt” MMC-nin istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.
Müəllif: Elmir Murad