Qiymət sabit qalacaq: “Aztelekom”un minimum internet sürəti dəyişdirilir

16:38 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı müraciətini təsdiqləyib.

Agentliyin məlumatına görə, əhali və qeyri-əhali kateqoriyası üzrə giriş səviyyəsində tariflər dəyişdirilmədən saxlanılmaqla müvafiq Əmr layihəsinin tətbiqinə razılıq verilib.

Bu o deməkdir ki, şirkət minimum internet sürətini dəyişdirə bilər, lakin mövcud tariflər olduğu kimi qalmalıdır.

Qeyd edək ki, hazırda "Aztelekom"un GPON tarifləri üzrə minimum sürəti 100 Mbit/s təşkil edir.

Şirkət sonuncu dəfə 2024-cü il avqustun 15-də GPON sürətlərini 2,5 dəfə artıraraq, minimum 100 Mbit/s paketi üçün 25 manat, 150 Mbit/s üçün 30 manat, 250 Mbit/s üçün isə 36 manat tarif müəyyən etmişdi.