10:16 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı yeni prudensial tənzimləmə çərçivəsində xüsusi məqsədli biznes kreditlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bunu Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda AMB-nin Prudensial tənzimləmə departamentinin rəhbəri Aydan Ağabalayeva deyib.
AMB rəsmisi bildirib ki, beynəlxalq standartlarda xüsusi məqsədli biznes kreditlərinin dörd növü müəyyənləşdirilib.
Birincisi, hazırda Azərbaycan bank sektorunda tətbiq olunan layihə maliyyələşməsi kreditləridir. İkincisi, təyyarələrin, gəmilərin, lokomotivlərin, vaqonların və digər iri həcmli aktivlərin maliyyələşdirilməsini nəzərdə tutan obyekt maliyyələşməsi kreditləridir.
Üçüncüsü, ixtisaslaşmış bazarlarda əmtəələrin maliyyələşdirilməsi üçün qısamüddətli mexanizm olan əmtəə maliyyələşməsi kreditləridir.
Dördüncüsü isə mehmanxanalar, ofis binaları, ticarət mərkəzləri və digər obyektləri əhatə edən gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsidir.
A.Ağabalayevanın sözlərinə görə, 2022-ci ildə qəbul edilmiş ilkin çərçivədən fərqli olaraq, yeni hazırlanan tənzimləmədə yalnız layihə maliyyələşməsi deyil, həmçinin obyekt maliyyələşməsi, əmtəə maliyyələşməsi və gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsi də tənzimləməyə daxil ediləcək.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026