Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib

12:24 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Görüşdə dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, yüksəksəviyyəli qarşılıqlı səfərlərin siyasi, iqtisadi və ticari əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İtaliyanın enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin İtaliyanın enerji bazarına daxil olaraq orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini, eləcə də Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin sayının artdığını və Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açıldığını məmnunluqla diqqətə çatdırıb. Antonio Tayani isə öz növbəsində hər iki ölkədə qarşılıqlı şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirərək, Azərbaycanın regional sabitlik üçün mühüm rol oynadığını və İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Söhbət zamanı həmçinin oktyabrda Romada kritik xammal sahəsində imzalanmış Birgə Bəyannamənin önəmi vurğulanıb, iqtisadi-ticari, müdafiə, sənaye və humanitar sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycanın nəqliyyat bağlantılarındakı strateji rolu, Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb.