BVF rəhbəri: Süni intellektdə 1 trilyon dollarlıq borc mexanizmi risk yaradır

11:50 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva maliyyə bazarlarında süni intellekt (AI) sektoru ilə bağlı əlavə düzəlişlərin yaşanacağını gözlədiyini bildirib.

"Bloomberg"ə müsahibəsində bazarlardakı hədsiz nikbinliyə diqqət çəkən Georgiyeva hazırda irimiqyaslı çöküş proqnozlaşdırılmasa da, müəyyən korreksiyanın bazarı daha dayanıqlı səviyyəyə gətirəcəyini vurğulayıb.

Georgiyevanın sözlərinə görə, çip istehsalçılarının (məsələn, Nvidia) müştərilərə öz avadanlıqlarını satın almaları üçün kredit verdiyi "dairəvi maliyyələşdirmə" adlanan sxemin həcmi təxminən 1 trilyon dollara çatıb və bu məbləğin təxminən üçdə ikisi borc vəsaitlərindən ibarətdir. Bu seqmentin sürətli artımı, həmçinin öz kapitalından istifadə etmək əvəzinə borc vəsaitlərinə arxalanmağa keçid maliyyə sabitliyi üçün risklər yaradır.

Bununla belə, Georgiyeva süni intellektin qlobal iqtisadi artıma 0,5 faiz bəndi töhfə verə biləcəyinə dair ehtiyatlı proqnozun mövcud olduğunu deyib və 2026-cı ili "süni intellektin qlobal artımda real dəyişikliyə səbəb olduğu tarixdə ilk il" adlandırıb.

Qeyd edək ki, cümə axşamı "Anthropic" səhmlərinin rekord IPO qiymətindən 17% baha bağlanmasına baxmayaraq, texnologiya yönümlü "Nasdaq 100" indeksi 2,2% dəyər itirib.