İxracatçılar və park rezidentləri üçün yeni vergi mexanizmi işə düşdü

16:43 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. İxrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin artıq ödədiyi vergi məbləğlərinin sadələşdirilmiş və avtomatlaşdırılmış qaydada geri qaytarılması mexanizmi tətbiq edilib.

Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov bildirib ki, yeni mexanizm həmin vergi ödəyicilərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına və artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı inzibati prosedurların sadələşdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, mexanizmin əsas üstünlüyü müəyyən edilmiş meyarlara uyğun gələn ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri üzrə artıq ödəmə məbləğlərinin vergi orqanı tərəfindən müəyyən edilməsi və müvafiq ərizələrin əvvəlcədən hazırlanaraq onların elektron kabinetlərində yerləşdirilməsidir.

Bununla da əlavə sənədlərin hazırlanmasına, müraciətlərin tərtib edilməsinə və vergi orqanının informasiya sistemlərində mövcud olan məlumatların təkrar təqdim edilməsinə sərf edilən vaxt və resurslar azalır. Prosesin elektron mühitdə təşkili müraciətlərin daha operativ icrasına və vergi xidmətlərinin əlçatanlığının artırılmasına imkan yaradır.

F.Salahov qeyd edib ki, müəyyən edilmiş uyğunluq meyarlarına cavab verən bu kateqoriyadan olan vergi ödəyiciləri elektron kabinetlərində yerləşdirilmiş ərizəni təsdiq etməklə əlavə nəzarət tədbirlərinə cəlb edilmədən artıq ödədikləri vergi məbləğlərinin geri qaytarılması prosesini başlada bilirlər.

Bu yanaşma risk əsaslı vergi inzibatçılığı prinsiplərinə uyğun olaraq, vergi intizamına riayət edən və aşağı risk səviyyəsinə malik vergi ödəyiciləri üçün prosedurların sadələşdirilməsini, vergi orqanlarının inzibati resurslarının isə daha səmərəli və məqsədyönlü istifadəsini təmin etməyə yönəlib.

Yeni mexanizm dövlət və özəl sektor arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin dəstəklənməsi, eləcə də ixrac və sənaye potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Artıq ödənilmiş vergi məbləğlərinin daha çevik qaytarılması maliyyə planlaşdırmasını asanlaşdırır, dövriyyə vəsaitlərinin əlçatanlığını artırır, biznes fəaliyyətinin davamlılığına və investisiya imkanlarının genişlənməsinə müsbət təsir göstərir.