Uşağın anadan olmasına görə müavinət 2,5 dəfə artırılaraq 1 500 manat olacaq

17:04 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üçün 280,63 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozundan 77,06 milyon manat və ya 37,85 faiz çoxdur.

Müavinətlər arasında ən böyük vəsait — 84,01 milyon manat (84 milyon 5 min 706 manat) məhz uşağın anadan olmasına görə birdəfəlik ödənişlərə yönəldiləcək.

Proqnozlaşdırmada 2027-ci ildə doğulan uşaqların sayının 88 259 nəfər, bu müavinəti alanların sayının isə 56 004 nəfər olacağı əsas götürülüb.

Hesablamalarda bir nəfərə düşən müavinət məbləği 1 500 manat müəyyən edilib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu müavinət 543 manat, 2026-cı ildə isə 600 manat nəzərdə tutulmuşdu ki, bu da 2027-ci ildə məbləğin əvvəlki illə müqayisədə 2,5 dəfə artacağını göstərir.