2027-ci ildə orta aylıq pensiya 639 manata çatacaq

16:57 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Gələn il Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 96,52 faizi, yəni 8 milyard 950,06 milyon manatı əhaliyə ödənişlərə yönəldiləcək ki, bunun da 8 milyard 669,43 milyon manatı əmək pensiyalarının maliyyələşdirilməsinə sərf olunacaq.

Bu məbləğ 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiya xərclərinin artımına təsir edən əsas amil 2026-cı ildə nominal əməkhaqqının 7,5 faiz artım tempinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi, həmçinin yeni təyinatlar, yenidən hesablamalar və pensiyaçıların sayındakı dəyişikliklərdir.

Fondun hesablamalarına görə, 2027-ci ildə ölkədə əmək pensiyaçılarının ümumi sayı 718,39 min nəfər təşkil edəcək.

Proqnoza əsasən, 2026-cı ilin sonunda 594,4 manat olacağı gözlənilən orta aylıq əmək pensiyası 2027-ci ildə təxminən 7,5 faiz artaraq 639 manata çatacaq.

Pensiya xərclərinin artımı əsasən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlıdır.