DSMF-nin 2027-ci il büdcəsi açıqlandı: Gəlir və xərclər 9,2 milyard manatı keçir

16:52 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 897,4 milyon manat (10,78 faiz) çox olmaqla 9 milyard 220,5 milyon manat, xərcləri isə 789,47 milyon manat (9,31 faiz) artımla 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır.

Xərclərin maliyyələşdirilməsi üçün gəlirlərdən əlavə ilin əvvəlinə yaradılmış ehtiyatdan 52,04 milyon manat istifadə olunacaq, dövlət büdcəsindən Fondun balanslaşdırılması məqsədilə isə 1,6 milyard manat ayrılacaq.

Fondun gəlirlərinin 82,28 faizini təşkil edən məcburi dövlət sosial sığorta haqları üzrə 7 milyard 586,5 milyon manat (illik 15,1 faiz və ya 995,4 milyon manat artım) daxilolma gözlənilir ki, bunun da 32,5 faizi büdcə təşkilatlarının, 67,5 faizi isə qeyri-büdcə sektorunun payına düşəcək.

Konkret olaraq, büdcədən maliyyələşən təşkilatlar üzrə 2 milyard 170,96 milyon manat, həmin təşkilatlarda işləyən şəxslər üzrə 296,04 milyon manat, qeyri-büdcə sektoru üzrə isə 5 milyard 119,5 milyon manat daxilolma nəzərdə tutulur. Fərdi sahibkarlardan daxilolmalar 130 milyon manat, sair daxilolmalar isə 34 milyon manat (o cümlədən 3,67 milyon manat sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə) təşkil edəcək.

Eyni zamanda, dövlət büdcəsinin əmək pensiyaları üzrə 3 milyard 831,72 milyon manatlıq ümumi öhdəliklərinin 41,76 faizini qarşılayacaq 1,6 milyard manatlıq vəsait 2026-cı illə müqayisədə 100 milyon manat (5,88 faiz) az olacaq və büdcə təşkilatlarının faktiki ödənişlərinə uyğun olaraq tənzimlənəcək.