İxrac daşıma dəstəyi tətbiq ediləcək qeyri-neft məhsulları müəyyənləşib

10:09 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Azərbaycanda ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin siyahısı təsdiqlənib. İmzalanmış müvafiq qərarla ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi üçün müraciət və onlara baxılması, eləcə də müxtəlif nəqliyyat növləri ilə daşımalar zamanı dəstək məbləğinin hesablanması qaydaları da müəyyənləşdirilib.

Dəstəyin şamil olunacağı məhsullar sırasına meyvə-tərəvəz, süd məhsulları, yumurta, təbii bal, çay, şokolad, müxtəlif hazır qida məhsulları, dərman vasitələri, kosmetika, tekstil və digər mallar daxildir. İxrac istiqamətləri siyahısında isə Avropa İttifaqı ölkələri, Türkiyə, Çin, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Afrika dövlətləri və digər ölkələr yer alıb. Rusiya, Gürcüstan və İran bu siyahıya daxil edilməyib.

Yeni qaydaya əsasən, sahibkarlar dəstək məbləğinin ödənilməsi üçün daşımanın həyata keçirildiyi rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Nazirlik ərizənin qeydiyyata alındığı tarixdən 30 gündən gec olmayaraq dəstəyin ödənilməsi və ya imtina barədə qərar qəbul edir, lakin qanunvericilikdə nəzərdə tutulan hallarda bu müddət uzadıla bilər. Müsbət qərar qəbul olunduğu halda vəsait həmin tarixdən 30 gün ərzində ərizəçinin hesabına köçürülür.

Bundan əlavə, sənəddə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər ərazilərinə malların daşınması üzrə daxili daşıma dəstəyinin ödənilməsi üçün müraciət proseduru da əksini tapıb. Qərarın müvafiq müddəaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil edilir.