"Azərbaycan Sənaye Sığorta"nın aktivləri 7,5%-dən çox, balans kapitalı isə 5% azalıb

10:42 - 16.11.2026


16 noyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə "Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) aktivləri illik müqayisədə 7,55% azalaraq 32,913 milyon manata, balans kapitalı isə 4,85% geriləyərək 10,356 milyon manata düşüb.

Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə sığortaçının xərcləri illik müqayisədə 15,2% artımla 25,925 milyon manata yüksəlib, öhdəlikləri isə 8,7% azalaraq 22,557 milyon manat təşkil edib.

Bununla yanaşı, yanvar–sentyabr aylarında gəlirləri 28,2% artaraq 26,886 milyon manata çatan ASS hesabat dövrünü 769 min manat xalis mənfəətlə başa vurub və 192 min manat mənfəət vergisi ödəyib.

Xatırladaq ki, şirkət ötən ilin eyni dövrünü 1,532 milyon manat zərərlə yekunlaşdırmışdı.