Parametrik sığortanın tətbiqi imkanları araşdırılır

12:30 - 27.11.2026


27 noyabr, Fineko/abc.az. Azərbaycanda ödənişlərin faktiki zərərin qiymətləndirilməsinə görə deyil, əvvəlcədən müəyyənləşdirilmiş obyektiv göstəricilərə əsasən həyata keçirildiyi parametrik sığorta modelinin tətbiqi istiqamətində işlər görülür.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə tətbiq olunan bu mexanizmdə ərazilərə yerləşdirilən "Əşyaların İnterneti" (IoT) cihazları havanın rütubəti, torpağın quruluğu və günəş radiasiyası kimi məlumatları avtomatik ötürür.

Əgər əvvəlcədən razılaşdırılmış həddə yağıntı düşməzsə, sığorta şirkəti aylarla davam edən zərər qiymətləndirməsinə ehtiyac qalmadan fermerə dərhal ödəniş edir.

AMB rəsmisi əlavə edib ki, banklar da iqlim risklərini azaltmaq və borcalanların ödəmə qabiliyyətini qorumaq üçün müştərilərə daha dayanıqlı alternativlər təklif etməlidirlər.

O, 2023–2026-cı illər üzrə Yol xəritəsində əsas diqqətin bank sektoruna yönəldildiyini, lakin sığorta bazarının da bu prosesdə mühüm rol oynadığını vurğulayıb.