Azərbaycanda çörək yeyənlər azalıb

09:58 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. Azərbaycanda əhalinin ərzaq istehlakının strukturunda son illərdə diqqətçəkən dəyişikliklər baş verib.

Azərbaycan Dövlət Statistika Komitəsinin «Azərbaycanın ərzaq balansları» statistik məcmuəsində dərc olunmuş məlumatlar bunu təsdiqləyir.

Adambaşına düşən taxıl məhsulları istehlakı azalarkən süd və süd məhsullarının istehlakı artıb.

2025-ci ildə ölkədə adambaşına orta hesabla 141 kiloqram taxıl məhsulları istehlak edilib. Bu göstəriciyə çörək və makaron məmulatları un ekvivalentində, həmçinin un, yarma və paxlalı məhsullar daxildir. Müqayisə üçün, 2024-cü ildə adambaşına istehlak 146 kiloqram, 2020-ci ildə isə 193 kiloqram təşkil etmişdi. Beləliklə, son beş ildə adambaşına illik istehlak 52 kiloqram azalıb.

Eyni dövrdə süd və süd məhsullarının istehlakında artım müşahidə olunub. Belə ki, 2024-cü ildə adambaşına 257 kiloqram süd və süd məhsulları istehlak edildiyi halda, 2025-ci ildə bu göstərici 269 kiloqrama yüksəlib. Bu rəqəmlər süd ekvivalentində hesablanıb.

Ət və ət məhsullarının adambaşına illik istehlakı 45 kiloqram səviyyəsində qalıb, yumurta istehlakı isə 195 ədəddən 198 ədədə çatıb.

Digər tərəfdən, tərəvəz və bostan məhsullarının adambaşına illik istehlakı 180 kiloqramdan 173 kiloqrama, kartof istehlakı isə 80 kiloqramdan 78 kiloqrama düşüb.

Bu göstəricilər Azərbaycanda qida istehlakının strukturunda dəyişikliklər olduğunu, xüsusilə taxıl məhsullarının istehlakının uzunmüddətli dövrdə azaldığını göstərir.