Payızın gəlişi ilə balıq bazarında qiymətlər kəskin artıb

10:15 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Payız mövsümünün gəlişi ilə balığa tələbat artsa da, bazarda qeydə alınan bahalaşma alıcıların narazılığına səbəb olub.

Bu barədə İTV-də yayımlanan süjetdə bildirilib.

Qiymət artımının əsas səbəbləri kimi yerli məhsul qıtlığı, mövsümi amillər və tələb-təklif nisbəti göstərilir.

Hazırda bazarda farelin kiloqramı 10-14 manat, qızılbalıq 35 manat, sudaq 8-15 manat (Mingəçevir sudağı 6-12 manat), sazan 6 manat, belamur 8-9 manat, kəfal isə 8-10 manat arasında təklif olunur. Əvvəllər 8-12 manata satılan kütümün qiyməti isə kəskin artaraq bəzi hallarda 20-35 manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin sentyabrında balıq və balıq məhsulları əvvəlki ayla müqayisədə 1,9 faiz, ötən ilin sentyabrı ilə müqayisədə 8,5 faiz, yanvar-sentyabr aylarında isə illik müqayisədə 8,3 faiz bahalaşıb.

Balıqçılıq və Akvakultura Mərkəzi bəyan edib ki, noyabr və dekabr aylarında nohurçuluq təsərrüfatlarından satışların artması çəkikimi balıqların tədarükünü artıracaq və bu da qiymətlərin sabitləşməsinə, hətta müəyyən dərəcədə ucuzlaşmasına şərait yaradacaq. Eyni zamanda, yerli istehsalı artırmaq üçün balıqçılıq təsərrüfatlarına dəstək və subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur.