"Netflix"in gəliri III rübdə 12% artıb: Xalis mənfəət 3,66 milyard dollara çatıb

10:19 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. Qlobal rəqəmsal yayım platforması "Netflix" 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Şirkətin gəlirləri abunəçi sayının və qiymətlərin artması hesabına illik müqayisədə 12% artaraq 12,9 milyard dollara yüksəlib.

Ötən ilin eyni dövründə 2,54 milyard dollar mənfəət əldə edən platformanın xalis mənfəəti bu rübdə 44% artaraq 3,66 milyard dollara çatıb. Səhm üzrə mənfəət isə 59 sentdən 87 sentə qalxıb.

"Netflix" dördüncü rübdə gəlirlərinin 13,4 milyard dollar olacağını, 2026-cı ilin yekununda isə 51,1 milyard dollara çatacağını proqnozlaşdırır. Bununla yanaşı, illik reklam gəlirləri gözləntisi 3 milyard dollardan 2,7 milyard dollara endirilib.