Xırdalanda sıxlığa son - İki yeni tunel və yol layihəsi başlayır

10:29 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş 24 yol layihəsindən ikisi Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması və əsas magistral yollara çıxışın genişləndirilməsinə yönəldilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr dəmir yolu xəttinin şəhəri iki hissəyə ayırması nəticəsində yaranan hərəkət məhdudiyyətini və M-1 hamçinin M-4 magistrallarına çıxış çətinliklərini aradan qaldırmağı hədəfləyir.

Birinci layihə üzrə yeni tunel, əlaqələndirici yollar, eləcə də yol qovşaqlarının yenidən təşkili hesabına Xırdalanın daxili məhəllələri ilə M-1 və M-4 yolları arasında gediş-gəliş imkanları artırılır. İkinci layihə isə M-4 magistralından şəhər mərkəzinə birbaşa bağlantının yaradılması üçün yeni tunel və müxtəlif səviyyəli yolötürücüsünün inşasını əhatə edir. Bu alternativ nəqliyyat qovşaqlarının istifadəyə verilməsi nəticəsində nəqliyyat axını optimal bölüşdürüləcək, sürücülərin artıq məsafə qət etməsinin qarşısı alınacaq və şəhərdaxili yollarda təhlükəsiz, rahat hərəkət şəraiti təmin olunacaq.