Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda fərqli reallıqlar yarana bilər

10:43 - 2.10.2026


2 Oktyabr, Fineko/abc.az. Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər.

Bu barədə CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.

H.Hacıyev vurğulayıb ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi həll olunub və Azərbaycan bu prosesdə strateji səbir və liderlik nümayiş etdirib.

Onun sözlərinə görə, müharibəni qazandıqdan sonra sülhü qazanmaq da vacib məsələdir və Azərbaycan Prezident İlham Əliyevin strateji liderliyi ilə sülhə nail olub.

Prezidentin köməkçisi əlavə edib ki, hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sonuncu məsələnin həllini gözləyir və bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək.