KOBİA və AZPROMO birləşdirildi: Orxan Məmmədovun səlahiyyətlərinə xitam verildi

10:46 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Azərbaycanda sahibkarlığın, investisiya və ixracın təşviqi sahəsində yeni institusional mərhələ başlayıb. Prezident İlham Əliyevin 24 fevral 2026-cı il tarixli Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Yeni qurum fəaliyyətə başlayan kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AZPROMO-nun səlahiyyət müddəti başa çatıb.

Bununla paralel olaraq, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun da qurumdakı rəhbər vəzifə səlahiyyətləri yekunlaşıb.

Vahid çətir altında fəaliyyət göstərəcək yeni Agentlik KOBİA-nın 8 illik təcrübəsini və infrastrukturunu devralaraq, özəl sektorun inkişafı, qeyri-neft-qaz sektoruna yerli və xarici sərmayələrin cəlb edilməsi, həmçinin yerli məhsulların xarici bazarlara çıxarılması prosesini tək mərkəzdən idarə edəcək.