Onların pensiyası kəsiləcək - Yeni qərar

17:03 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Aylıq pensiya əlavəsi alan şəxslər yenidən müəyyən vəzifələrdə işlədikdə həmin əlavənin azaldılması və ya ödənişinin dayandırılması nəzərdə tutulur.

Bununla bağlı dəyişiklik Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə ediləcək.

Layihəyə əsasən, aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər qanunda sadalanan müəyyən vəzifələrdə çalışdıqda əlavə 50 faiz həcmində ödəniləcək.

Müvafiq kateqoriya üzrə eyni və ya qanunda ayrıca göstərilən əlaqəli vəzifələrə qayıtdıqda isə əlavənin ödənişi dayandırılacaq.

Məsələn, aylıq pensiya əlavəsi alan keçmiş deputat yenidən deputat vəzifəsində çalışarsa, həmin əlavəni ala bilməyəcək.

Oxşar qaydalar keçmiş dövlət qulluqçularına, diplomatik xidmət əməkdaşlarına, Hesablama Palatasının və Mərkəzi Seçki Komissiyasının keçmiş üzvlərinə, eləcə də qanunda göstərilən digər şəxslərə aid olacaq.

Dəyişiklik əmək pensiyasının özünə deyil, aylıq pensiya əlavəsinin ödənilməsinə aiddir.