SOCAR İtaliya milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” oldu

11:05 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalayıb.

Razılaşmaya əsasən, SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq.

Tərəflər arasında imzalanma mərasimi sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Müqavilə 1 yanvar 2027-ci ildən 31 dekabr 2030-cu ilədək olan 4 illik dövrü əhatə edir. Sənəddə əməkdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulub.

Qeyd olunub ki, bu tərəfdaşlıq SOCAR-ın İtaliya bazarındakı uzunmüddətli fəaliyyətinə verdiyi önəmin göstəricisidir və zəngin ənənələrə malik İtaliya futbolunun gələcək inkişafına töhfə vermək məqsədi daşıyır.