BƏƏ-dən Azərbaycana gələn xarici investisiyalar 158,7 milyon dollara düşüb

09:59 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az 2026-cı ilin ilk yarısında Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 9,6 faiz azalaraq 158,7 milyon dollara düşüb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 175,6 milyon dollar təşkil edib.

Qeydə alınan geriləmə fonunda BƏƏ-nin ölkənin ümumi birbaşa xarici investisiyalarındakı payı da 5,4 faizdən 4,3 faizə enib. İnvestisiya həcminin azalmasına baxmayaraq, BƏƏ kapitalı Azərbaycanda böyükhəcmli layihələrin icrasını davam etdirir.

Əsas investorlardan biri olan “Masdar” şirkəti 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verdikdən sonra hazırda SOCAR-la birgə ümumi investisiya dəyəri təxminən 1 milyard dollar olan yeni layihələr həyata keçirir.

Bura Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş və Abşeron-Qaradağ zonasında 240 MVt gücündə külək elektrik stansiyaları daxildir. Energetika Nazirliyi Biləsuvar və Neftçala layihələri üzrə işlərin planlaşdırıldığı kimi davam etdiyini bildirib. Digər mühüm investor - BƏƏ-nin dövlət neft şirkəti ADNOC isə Enerji sektorundakı mövqeyini “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payı almaqla möhkəmləndirib. Hazırda layihədə SOCAR və “TotalEnergies” şirkətlərinin hər biri 35 faiz, ADNOC isə 30 faiz paya sahibdir. Sənaye sektorunda da fəallıq müşahid olunur; BƏƏ-nin “SENSEMI DMCC” şirkəti Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 17 milyon manat investisiya dəyəri olan və ildə 3 min ədəd məhsul istehsal edəcək transformator zavodunun tikintisini reallaşdırır.