AQTA “Qala Qəbələ” restoranının fəaliyyətini dayandırdı

15:09 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Binəqədi rayonunda yerləşən “Qala Qəbələ” ictimai iaşə müəssisəsində keçirdiyi plandankənar yoxlama zamanı bir sıra ciddi antisanitariya və təhlükəsizlik pozuntuları təsbit edib.

Aşkarlanan əsas nöqsanlar:

Saxta içki: İstehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” arağının saxta olduğu müəyyən edilib.

Mənşəyi məlum olmayan məhsullar: Ətlərin müşayiətedici sənədlərinin olmadığı, naməlum turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin uyğunsuz şəraitdə saxlanıldığı bəlli olub.

Göstəricilər və sanitariya: Temperatur monitorinqinin aparılmadığı, dezinfeksiya işlərinin görülmədiyi, avadanlıqların çirkli olduğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu aşkarlanıb.

Görülən tədbirlər nəticəsində müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qidalardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb.