Daşınmaz əmlakın dövlət kadastrının aparılmasına dair yeni Qaydalar təsdiqlənib

16:53 - 2.09.2026


2 Sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Yenilənmiş Qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanuna uyğun olaraq hazırlanıb. Sənəd daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət reystrinə daxil edilməsi qaydalarını və bu sahədə yaranan hüquqi münasibətləri tənzimləyir.

Fərmana əsasən, dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə aparılır. Həmçinin sahəvi kadastrlarda saxlanılan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə vahid dövlət kadastrına inteqrasiya olunması təmin ediləcək.