Magistraturaya qəbul olanların elektron qeydiyyat yalnız "mygov" üzərindən aparılacaq

11:08 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Magistratura pilləsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək rəqəmsal formada həyata keçirəcəklər.

Qeydiyyat prosesi üçün Elm və Təhsil Nazirliyinin müvafiq elektron xidməti "mygov" platformasında istifadəyə verilib.

Qeydiyyatdan keçmək üçün bakalavrlar əvvəlcə "mygov ID" vahid giriş sistemi vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Şəxsi və qəbul məlumatları təsdiqlənib müraciət göndərildikdən sonra prosesin statusu real vaxt rejimində izlənilə bilər.

Müraciət "Ödəniş gözlənilir" statusunda olduqda təhsil haqqını onlayn ödəmək və ya qəbzi sistemə yükləmək mümkündür. Qeydiyyat təhsil müəssisəsi tərəfindən təsdiqləndikdən sonra bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir və vətəndaşa platforma üzərindən bildiriş göndərilir.