“DeepSeek” işçi heyətini iki qat artırır: Şirkət 7,4 milyard dollarlıq investisiya qəbul edir

12:00 - 26.06.2026


26 iyun, Fineko/abc.az. Çinin aparıcı süni intellekt (AI) nəhəngi "DeepSeek", qlobal və yerli bazardakı mövqelərini gücləndirmək məxsədilə kütləvi işə qəbul dalğasına və korporativ genişlənməyə hazırlaşır. Şirkət həm yerli rəqibləri, həm də ABŞ-ın "OpenAI" və "Anthropic" kimi qlobal liderləri ilə rəqabətdə önə keçmək üçün bütün departamentlərinin rəqəmsal gücünü və əməkdaş sayını minimum iki dəfə artırmağı planlaşdırır.

ABC.AZ "Bloomberg" və Çinin "WeChat" platformasındakı rəsmi korporativ bəyanata istinadən xəbər verir ki, Xançjou (Hangzhou) mərkəzli startap hazırda Çin texnologiya tarixinin ən böyük vençur maliyyələşmələrindən biri çərçivəsində təxminən 50 milyard yuan (7,4 milyard dollar) həcmində irihəcmli investisiya raundunu tamamlamaq üzrədir.

Xatırladaq ki, "DeepSeek" ötən il Silikon Vadisindəki rəqiblərinə nisbətən daha aşağı maliyyə xərcləri ilə ərsəyə gətirdiyi mükəmməl riyazi məntiq və mühakimə (reasoning) modelləri ilə diqqət mərkəzinə düşüb. Hazırda Çin bazarında "Alibaba Group"dan "MiniMax"a qədər bir çox nəhəng korporasiya analoji süni intellekt məhsulları ilə rəqabəti kəskinləşdirib.