Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

11:16 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir.

ABC.AZ xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qumar oyunları:

– virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;

– yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.