Dövlət qulluğunda çalışan 55 yaş və yuxarı şəxslərin sayı azalıb

15:39 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Azərbaycanda dövlət qulluğunda çalışan 55 yaş və yuxarı şəxslərin payı son bir ildə azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-nə dövlət qulluqçularının 20,1 faizini 55 yaş və daha yuxarı şəxslər təşkil etdiyi halda, 2026-cı il yanvarın 1-nə bu göstərici 18,8 faizə enib.

Eyni dövrdə 25 yaşadək dövlət qulluqçularının payı 2,8 faizdən 3,0 faizə yüksəlib. Həmçinin 35-54 yaş qruplarında çalışanların xüsusi çəkisində də artım qeydə alınıb.

2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur ki, onların da 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.