Bəzi fintex şirkətlərinin müəyyən bankları üstələməsi üçün zəmin yarana bilər - Edqar Abdullayev

17:35 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bəzi fintex şirkətləri 2-3 il ərzində ayrı-ayrı bankları geridə qoya bilər.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun fikrincə, hazırda Azərbaycanda hər hansı bir fintexin bankı üstələyəcəyini söyləmək asan deyil: "Çünki fintex şirkətlərinin rəsmi fəaliyyəti ölkədə 2024-cü ilin may ayından etibarən lisenziya əsasında tənzimlənməyə başlayıb. Banklar isə uzun illər boyu formalaşmış maliyyə-bankçılıq təcrübəsinə sahibdir.

Lakin Mərkəzi Bankın formalaşdırdığı tənzimləyici mühit, "sandbox" rejimi və açıq bankçılıq infrastrukturunun tam qurulması gələcəkdə bəzi fintex şirkətlərinin müəyyən bankları üstələməsi üçün zəmin hazırlaya bilər. Ən nikbin ssenaridə bunun reallaşması üçün 2-3 illik müddət tələb olunur. Açıq bankçılıq sistemi istifadəçiyə vahid platforma vasitəsilə müxtəlif bank və elektron pul müəssisələrindəki hesablarını idarə etmək imkanı verməlidir. Bu da maliyyə bazarında əməkdaşlıq perspektivlərini xeyli genişləndirəcək".

E.Abdullayev həmçinin vurğulayıb ki, "MyGov" platformasının geniş miqyasda tətbiqi də bu prosesdə mühüm rol oynayacaq:

"Burada söhbət təkcə maliyyə əməliyyatlarından getmir. Biometrik identifikasiya və müştərinin tanınması (KYC) prosedurlarının da vahid elektron platforma əsasında icra edilməsi böyük əhəmiyyət daşıyır. Bu imkanlar tam şəkildə yaradıldıqdan sonra hər hansı fintex şirkətinin müəyyən xidmət sahələrində bankları geridə qoyması ehtimalı meydana gələcək".

©Report