Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

11:04 - 9.06.2026


9 iyun, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə radionəzarət imkanlarının gücləndirilməsi çərçivəsində Kəlbəcərdə növbəti günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) quraşdırılaraq istifadəyə verilib.

ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, SDR (proqram əsaslı radioqəbuledici) tipli avadanlıqlarla təchiz olunmuş stansiya Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqini təmin edir.

Sistem günün istənilən vaxtında real vaxt rejimində spektr məşğulluğunu izləməyə, videomüşahidə aparmağa və enerji resurslarından səmərəli istifadə üçün avadanlıqları məsafədən idarə etməyə imkan verir.

Dövlət Radiotezliklər İdarəsi tərəfindən "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində indiyədək Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə bu növ avtonom radiomonitorinq stansiyalarının qurulması təmin edilib.