Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

16:31 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə kibertəhlükəsizlik sahəsində yeni ixtisaslaşmış dövlət qurumunun — Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Yeni struktur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

ABC.AZ xəbər verir ki, fərmanla həmçinin agentliyin Nizamnaməsi də təsdiq edilib. Qurumun nizamnamə fondu cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına formalaşdırılacaq.

Yeni agentliyin səlahiyyətlərinə aşağıdakılar daxildir:

İnformasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsi;

İnformasiya sistemlərinin kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş fəaliyyətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması;

Bu sahədə preventiv (qabaqlayıcı) tədbirlərin həyata keçirilməsi.

Bundan başqa, agentlik mövcud və potensial kiberhədələr barədə məlumatlandırma aparacaq, əhalinin, dövlət və qeyri-dövlət təşkilatlarının maarifləndirilməsi ilə məşğul olacaq, həmçinin onlara metodiki dəstək göstərəcək.