Bu şirkət Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb

10:10 - 1.06.2026


1 iyun, Fineko/abc.az. “FLYONE Asia” aviaşirkəti Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.

Yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək.

ABC.AZ xəbər verir ki, FLYONE Asia-nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Heydər Əliyev Beynəlxalq Aeroportu üçün “FLYONE Asia”nın fəaliyyətə başlaması beynəlxalq tərəfdaşlıq şəbəkəsinin daha da genişlənməsinin və ölkənin əsas hava nəqliyyatı qovşağı kimi mövqeyinin möhkəmlənməsinin növbəti göstəricisidir.

Gəncə Beynəlxalq Hava Limanı üçün isə yeni əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “FLYONE Asia”nın uçuşları ilə Gəncə ilk dəfə olaraq Daşkənd istiqaməti üzrə birbaşa hava əlaqəsi əldə edir. Bu marşrut regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq, turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq, eyni zamanda Gəncənin beynəlxalq marşrut şəbəkəsinin genişlənməsinə töhfə verəcək.