Hazırda kənd təsərrüfatı sahəsinə 2,1 milyard manat kredit yönəldilib - AMB rəsmisi

11:44 - 6.05.2026


6 may, Fineko/abc.az. Azərbaycanda bank sektorunun son hesabat dövrünə əsasən kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin ümumi həcmi 2,1 milyard manat səviyyəsində qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavinı Toğrul Əliyev Bakıda "Caspian Agro Week" tədbirləri çərçivəsində təşkil olunan V Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artım nümayiş etdirib:

"Ümumiyyətlə, tikinti və nəqliyyat sahələri ilə yanaşı kənd təsərrüfatı sektoru banklarımızın biznes kredit portfelinin başlıca hərəkətverici qüvvələrindən biri olaraq özünü göstərir və bu, müsbət tendensiya kimi dəyərləndirilir. Ümumilikdə, banklarda mövcud olan aqrar kredit portfelinin 82 %-i kredit müəssisələrinin öz resursları hesabına formalaşdırılmış kreditlərdən ibarətdir, qalan 18 %-i isə dövlət fondları vasitəsilə maliyyələşdirilmiş kreditlərdir".

T. Əliyev həmçinin qeyd edib ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə təqdim edilmiş kənd təsərrüfatı kreditlərinin həcmi 66 milyon manatı keçib:

"Eyni zamanda, Azərbaycan Biznesin İnkişafı Fondu xətti ilə ayrılmış kreditlərin təxminən 40 %-i aqrar sahəyə yönəldilmiş kreditlərdən təşkil olunub. Bundan başqa, hesab edirəm ki, bu məqam da xüsusi əhəmiyyət daşıyır ki, Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə lizinq şirkətləri vasitəsilə kənd təsərrüfatı subyektlərinə, sahibkarlıq subyektlərinə təqdim edilmiş maliyyə icarəsi əməliyyatlarının dəyəri 126 milyon manata yaxın səviyyədə olub".