Bu ölkələr Azərbaycanla birgə yaşıl enerji dəhlizi layihəsinə qoşulmaq istəyir

15:50 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Rumıniya tərəfi Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji dəhlizi layihəsinə qoşulmaq istəyini bildirib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Azərbaycan Energetika Nazirliyi tərəfindən 2025-ci ildə görülmüş işlərə dair hesabatda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji dəhlizi 2025-ci ilin 4 aprel tarixində Bakıda keçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bolqarıstan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu" imzalanmış və layihə üzrə görüləcək işlərə dair qrafik təsdiqlənib.

Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış Anlaşma Memorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən Protokol layihəsi hazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır. Türkiyə tərəfindən hazırlanmış layihənin Texniki Tapşırıqlar sənədinin (ToR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır.