Sənaye zonalarında 10 il ərzində ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satılıb

11:13 - 24.02.2026


24 fevral, Fineko/abc.az. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov deyib.

Onun sözlərinə görə, bu rəqəmlər sənaye zonalarının artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyinin göstəricisidir.

Sədr qeyd edib ki, iqtisadi zonalarda xarici sərmayənin payı da illər üzrə əhəmiyyətli dərəcədə artıb.

"Belə ki, əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir. Bildirmək istərdim ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir" - deyə S.Adıgözəlov söyləyib.

Müəllif: Elmir Muradov