Bu ölkədə müstəqil sahibkarlar kriptovalyuta ilə rəsmi ödəniş ala biləcək

16:53 - 19.02.2026


19 fevral, Fineko/abc.az. Belarusda müstəqil sahibkarlar bundan sonra kriptovalyuta ilə rəsmi ödəniş ala biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu Belarus Mərkəzi Bankının idarə heyətinin birinci müavini Aleksandr Yeqorov bildirib. O, yanvarda prezident Lukaşenko tərəfindən imzalanmış kriptobanklar haqqında fərmanın necə işləyəcəyini izah edib.

Sənədə görə, Belarusda kriptobank — rəqəmsal pul nişanları ilə müxtəlif əməliyyatları bank, ödəniş və digər maliyyə fəaliyyəti ilə birləşdirə bilən səhmdar cəmiyyətdir. Aleksandr Yeqorov izah edib ki, Belarus frilanserləri, məsələn, dizaynerlər və ya proqramçılar, əgər xarici sifarişçi üçün iş yerinə yetirirlərsə, xidmətlərinə görə ödənişi kriptovalyuta ilə ala bilərlər. Əvvəllər isə frilanser kriptovalyutanı rəsmi hesaba köçürə bilmirdi və ondan vergi ödəyə bilmirdi. İndi bu maneə aradan qaldırılıb.