Yaponiyanın Marubeni şirkəti ilk dəfə hidrogeni metal hidridlər vasitəsilə daşıyıb

10:30 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Yaponiyanın Marubeni şirkəti dünyada ilk dəfə metal hidrid ərintisindən istifadə etməklə hidrogenin beynəlxalq daşınmasını həyata keçirib.

ABC.AZ xəbər verir ki, ərinti Avstraliyada istehsal olunan “yaşıl” hidrogeni udub və daha sonra konteyner gəmisi ilə İndoneziyaya göndərilib. Gömrük prosedurlarının tamamlanması və digər normativ maneələrin aradan qaldırılması üçün Marubeni-yə təxminən bir il vaxt lazım olub. Məlumata görə, hidrogenin daşınması zamanı riskləri və xərcləri azaltmaq məqsədilə Marubeni metal hidridlərə əsaslanan ərinti texnologiyasına üstünlük verib.

Ərintinin dəqiq tərkibi açıqlanmır, lakin onun dəmir və titan ərintisi olduğu ehtimal edilir.

Bildirilir ki, yeni ərinti təxminən 5 metr uzunluğunda və 17 santimetr diametrində nazik silindrlərə qablaşdırılıb. Hər bir balon təxminən 4 kq hidrogen tutumuna malikdir.