12:28 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Bu ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə" ilə "TAV Hava limanları" arasında mövcud strateji əməkdaşlıq yeni mərhələyə keçib.
ABC.AZ "SOCAR Türkiyə"yə istinadən xəbər verir ki, əməkdaşlıq çərçivəsində Ankara Esenboğa Hava Limanındakı obyektlərin təbii qaz təchizatı "SOCAR Türkiyə" tərəfindən təmin olunmağa başlanılıb. Bununla bağlı "SOCAR Türkiyə"nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov və "TAV Hava limanları"nın Hava Limanlarından Məsul Qrup rəhbəri Mete Ernan arasında əməkdaşlıq sazişi imzalanıb.
Sabit qiymətli müqavilə strukturu ilə dəstəklənən bu yeni mərhələnin tədarük təhlükəsizliyini gücləndirməklə yanaşı, "TAV Hava limanları"nın əməliyyat davamlılığına və xərclərin proqnozlaşdırıla bilməsinə töhfə verməsi hədəflənir. Sözügedən obyektlərin "SOCAR Türkiyə"nin toplayıcılıq portfelinə daxil edilməsi nəticəsində elektrik enerjisi və təbii qaz tədarükü ilə yanaşı, eyni zamanda koqenerasiya obyektinin inteqrasiya olunmuş, səmərəli və effektiv şəkildə idarə edilməsi imkanı yaradılır.
Məlumata görə, qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı bu model sistem balansının gücləndirilməsinə töhfə verir, çoxqatlı portfel idarəetməsi yanaşması isə əməliyyat səmərəliliyini artıran bütöv enerji həlli təqdim edir.
F. İbrahimov əməkdaşlığı belə dəyərləndirib: "Enerji bazarları artıq qaz və elektrik enerjisinin bir-birindən asılı olmadan idarə edildiyi modellərdən uzaqlaşır. Bu gün rəqabət üstünlüyü həmin resursları birlikdə və effektiv şəkildə optimallaşdıra bilən inteqrasiya olunmuş strukturlardan keçir. "TAV Hava limanları" ilə qurduğumuz bu əməkdaşlıq "SOCAR Türkiyə"nin inteqrasiya edilmiş enerji və "Gas-to-Power" vizyonunun praktik təzahürüdür. Güclü tədarük infrastrukturumuz, sabit qiymətli müqavilə mexanizmlərimiz və toplayıcılıq portfelimiz sayəsində biz yalnız enerji təmin etmir, eyni zamanda sistem balansını və əməliyyat davamlılığını dəstəkləyən əlavə dəyərli həllər təqdim edirik".
M. Ernan isə bildirib ki, hava limanları fasiləsiz fəaliyyət göstərən kritik nəqliyyat infrastrukturlarıdır: "Əməliyyatlarımızın davamlılığı üçün enerji təhlükəsizliyi əsas prioritetlərimizdəndir. "SOCAR Türkiyə" ilə imzaladığımız bu razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə daşıyır. Məqsədimiz sərnişinlərimiz və tərəfdaşlarımız üçün ən yaxşı səyahət təcrübəsini təmin etməkdir. "SOCAR Türkiyə"nin enerji sahəsindəki təcrübəsi və təqdim etdiyi inteqrasiya edilmiş yanaşma əməliyyat davamlılığımız baxımından mühüm əhəmiyyət daşıyır".
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026