15:47 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. Azərbaycanda "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının qəbulu gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Məlumata görə, AZSTAND-ın təsis etdiyi "Nəqliyyat və nəqliyyat infrastrukturu" üzrə standartlaşdırma Texniki Komitəsinin (AZSTAND/TK 43) növbəti onlayn iclası keçirilib.
İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-lərin, Bakı Limanının nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində AZSTAND/TK 43-ün 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq hazırlanmış AZS 993 "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının layihəsi müzakirə olunub.
Layihənin dövlət standartı kimi qəbul edilməsi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
"Nəqliyyat və nəqliyyat infrastrukturu" üzrə standartlaşdırma Texniki Komitəsi (AZSTAND/TK 43) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində yaradılıb.