Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi açıqlanıb

12:18 - 22.12.2025


22 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,298 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 128,041 milyon ABŞ dolları və ya 9% azdır.

Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,91%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Almaniyaya 543,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 138,6 milyon ABŞ dolları və ya 20,3% azdır.

Hesabat dövründə, Azərbaycandan Almaniyaya 502,019 milyon ABŞ dolları dəyərində 956,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər dəyər ifadəsində 132,4 milyon ABŞ dolları və ya 20,9%, həcm baxımından isə 45,5 min ton və yaxud 4,5% azdır.

Hesabat dövründə Almaniyadan Azərbaycana isə 754,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir.