Dünyanın ən yaxşı 20 fond bazarı arasında Avropa indeksi liderdir

17:25 - 1.12.2025


1 dekabr, Fineko/abc.az. Dünyanın ən yaxşı 20 fond bazarı arasında bu il hər ikinci indeks Avropa indeksidir. Bu region avrozonanın yaradılmasından bəri belə nəticəni cəmi üç dəfə əldə edib (2004, 2015 və 2023-cü illərdə). Yüksək göstərici investorların Avropaya olan etimadının bərpa olunduğunu əks etdirir. 2025-ci il ticarətlərinin bitməsinə bir ay qalmış Macarıstan, Sloveniya və Çexiya bazarları dollar ifadəsində 60%-dən çox artaraq dünyanın ən yaxşı on bazarı sırasına daxil olub. İspaniya, Polşa və Avstriya bir qədər geri qalsa da, regionun ən böyük bazarlarından biri olan Almaniya avro ilə 20%, dollarla isə 34% yüksəlib.

ABC.AZ xəbər verir ki, bəzi investorlar Avropanın perspektivlərinin daha da yaxşılaşacağını bildirirlər. burada inflyasiya ABŞ-dən aşağıdır, bu isə Avropa Mərkəzi Bankına (ECB) faiz dərəcələrini ABŞ Federal Ehtiyatlar Sistemindən (FED) daha sürətli endirməyə imkan verir. Almaniya “fiskal əyləci” aradan qaldırmağa hazırlaşır və proqnozlara görə korporativ mənfəət bərpa oluna bilər.

“Bank of America”nın son aylıq sorğusu göstərir ki, investorlar indi Avropa səhmlərində orta hesabla “overweight”, ABŞ səhmlərində isə “underweight” mövqedədirlər. “İlin əvvəlində investorlar Avropada mümkün ralliyə son dərəcə skeptik yanaşırdılar”, - deyə “Bank of America”nın beynəlxalq səhmlər üzrə rəhbəri Nik Loks bildirib və əlavə edib ki, gələn il Avropanın daha da qabaqlaması üçün potensial qalmaqdadır.